Haqqımızda

Mədəni fəaliyyət

Universitetdə mədəni həyatın inkişafı həmişə diqqət mərkəzində olmuşdur.

Xəzərin tələbə və müəllimlərdən ibarət iki mahnı və rəqs ansamblı Azərbaycanda və bir çox xarici ölkələrdə, o cümlədən Türkiyədə təşkil olunan bir çox musiqi festivallarında uğurla iştirak etmiş, bir sıra yarışların qalibi olmuşlar.

Xəzər Universiteti ansamblı Qafqaz və Türk xalqları da daxil olmaqla, dünyanın bir çox xalqlarının milli rəqs və mahnılarını ifa edir.

Universitetdə 285 yerlik «Dünya Konsert salonu» mövcuddur. Burada universitetin müxtəlif tədbirləri, klassiklərimizin və müasir sənət adamlarımızın həyat və yaradıcılıqlarına həsr olunmuş yaddaqalan elmi toplantılar, görkəmli elm, ədəbiyyat və incəsənət xadimlərinin iştirakı ilə keçirilmiş görüşlər, muğam və klassik musiqi gecələri, eləcə də yerli və beynəlxalq konfranslar və.s tədbirlər keçirilir.

Milli geyimlər mərkəzi

Bu mərkəzdə Azərbaycanın milli geyimləri toplanıb. Bütün bu geyimləri tələ­bələr özləri “Milli Geyimlər üçün Tikiş Dərnəyi”ndə düzəldirlər.

Mərkəzdə  tolpanan və saxlanılan Qafqaz və başqa regionların əhali və xalqları­nın milli geyimləri, Xəzər Universiteti oğlan və qızlardan ibarət rəqs ansamblının müxtəlif xalqların rəqslərinin daha canlı, dolğun və təbii yerinə yetirmələrinə kömək edir.

Xalça muzeyi

Azərbaycan qədim zamanlardan bəri dünya xalçaçılıq mərkəzlərindən biri olmuşdur. Mütəxəssislər Azərbaycanda Quba-Şirvan, Qarabağ, Təbriz və Gəncə-Qazax kimi dörd əsas xalçaçılıq məktəbini qeyd edirlər.

Xəzər Universitetinin Xalça Müzeyi həm muzey, həm də emalatxana kimi fəaliyyət göstərir. Peşəkar sənətkarların başçılıq etdiyi muzey və emalatxanada toplanan kiçik və böyük ölçülü xalça və başqa toxunma əşyalar əsasən tələbələr tərəfindən hazırlanmışdır.

Müzey və emalatxana incəsənət üzrə seçmə fənn götürərək kredit qazanmaq istəyən tələbələrin istifadəsi üçün də açıqdır.

Burada emalatxana işlərinə peşəkar rəssam rəhbərlik edir.

Zərgərlik

Xəzər Universiteti nəzdində zərgərlik mərkəzi fəaliyyət göstərir. Mərkəz 2007-ci ildə yaradılmışdır.

Xəzər Universiteti zərgərlik mərkəzi həm də kredit qazanmaq məqsədi ilə zərgərlik sənətini seçmə kurs kimi götürən tələbələr üçün emalatxanadır. Burada daha çox gümüş üzərində iş aparılır.

Xəzər Universiteti zərgərlik mərkəzində emalatxana işlərinə peşəkar zərgər rəhbərlik edir.

İdman

Universitetin həyatında idman böyük rol oynayır. Universitetdə tələbələrdən ibarət futbol, voleybol, basketbol, şahmat klubu və müxtəlif döyüş növləri üzrə idman bölmələri fəaliyyət gös­tərir. 

Xəzərdə fəaliyyət göstərən şahmat klubunda Azərbaycanın və dünya şahmatının tanınmış nümayəndələrinin iştirakı ilə bir sıra görüşlər və tədbirlər keçirilmişdir. Kluba Azərbaycanın tanınmış şahmat ustası Afaq Xudaverdiyeva rəhbərlik edir. 

Universitetin “Xəzər Universitet” futbol klubu 1998-2004-cü illərdə ölkənin futbol üzrə güclülər dəstəsində (indiki premyer liqa) çıxış etmiş, 2004-cü ildə İntertoto Avropa kuboku yarışına vəsiqə qazanmışdır. 

Bir sıra tələbələrimiz idmanın müxtəlif komanda növləri üzrə və ayrı-ayrılıqda yerli və beynəlxalq yarışların, o cümlədən avropa və dünya çempionatlarının iştirakçısı və qalibləri olmuşlar. 

Universitetin kişi və qadınlardan ibarət basketbol komandaları Azərbaycanda, İranda, Gürcüstanda, Rusiyada və başqa ölkələrdə keçirilmiş müxtəlif beynəlxalq yarışlarda iştirak etmiş, uğurlar qazanmışlar.