Humanitar, Təhsil və Sosial elmlər fakültəsi Xəzər Universitetində yaradılan ilk fakültələrdən biridir. 1991-ci ildə əsası qoyulan Xəzər Universitetində 1992-ci ildən Humanitar fakültəsinin yaradılması ilə bağlı qərar qəbul edilmişdir. Fakültənin nəzdində ilk olaraq iki departament (kafedra), “İngilis dili və ədəbiyyatı” departamenti və “Jurnalistika” departamentləri, ardınca müxtəlif humanitar və sosial elm sahələrinin tədrisi və tədqiqini nəzərdə tutan çoxfənnli (multidissiplinar) akademik vahid kimi “Fəlsəfə və Sosiologiya” və “Tarix” departamentləri yaradıldı.
1995-ci ildən fakültənin nəzdində “Azərbaycan dili və ədəbiyyatı” və “Siyasi elmlər və beynəlxalq münasibətlər” departamentləri fəaliyyətə başladı. Azərbaycan dili və ədəbiyyatı filologiyası və Politologiya, Beynəlxalq münasibətlər və Regionşünaslıq ixtisaslarında tədris fakültənin nəzdində təşkil olunmağa başlandı. 2007-ci ildən isə Xəzər Universiteti ilə birlikdə fəaliyyətinə başlayan “Tarix” departamentinin adı “Tarix və Arxeologiya departamenti” olaraq dəyişdirildi.
1998-ci ildən Xəzər Universitəsi nəzdində orta məktəb yaratmaq istiqamətində ilkin tədbirlər görüldü. Əvvəlcə kiçik bir sinif açıldı və beləliklə ibtidai təhsil sahəsində ilk təcrübə qazanıldı. Sonradan tədricən ibtidai təhsil sinifləri təşkil edildi və Universitənin nəzdində “Dünya” məktəbi fəaliyyətə başladı. 2003-cü ildən isə İbtidai Təhsilin Metodikası ixtisası üzrə bakalavr pilləsi üçün müsabiqə elan edildi və bu ixtisasa qəbul başlanıldı. Bu ixtisasa qəbulun başlaması ilə birlikdə Xəzər Universitetində müəllim hazırlığı başlandı. 2005-ci ildən fakültənin adı “Humanitar və Sosial elmlər” fakültəsi olaraq müəyyənləşdirildi. Fakültə tərkibindəki ixtisasların çox şaxəliliyi və genişləndirilməsi səbəbilə 2006-ci ilin ikinci semestrində “İbtidai təhsilin metodikası” ixtisası üzrə bakalavr ixtisasında təhsilin daha keyfiyyətli təşkilini təmin etmək məqsədilə bu ixtisas yeni yaradılmış “Təhsil” fakültəsinin tərkibinə daxil edildi.
2010-cu ildən etibarən fakültə gedərək daha da geniş sahələri əhatə etməyə, elmin müxtəlif sahələrini özündə birləşdirməyə başladı. Dünyada baş verən sürətli dəyişiklik və inkişafın müsbət təsirləri ilə yanaşı psixoloqlara da ehtiyac gündən-günə artmaqdadır. Bu səbəblə “Psixologiya” departamenti 2010-cu ildə yaranaraq bugünə kimi də fəaliyyətini bakalavr və magistr tədris proqramları verməklə davam etdirməkdədir. Yarandığı gündən çoxdillilik ideyasını həyata keçirən universitet 2015-ci il ildə alman, fransız, italyan və digər avropa dilləri o cümlədən çin, koreya, ərəb və fars kimi Şərq dillərinin tədrisinin daha keyfiyyətli təşkili və dünya dilləri və mədəniyyətləri sahəsində araşdırmalar aparmaq üçün “Dillər və mədəniyyətlər” departamenti mövcud “Şərq Dilləri və Dini Araşdırmalar” və “Müasir Dillər və Müqayisəli Ədəbiyyat” departamentlərinin əsasında yenidən formalaşdırıldı. Müasir dövrdə tələbatın sürətlə artdığı ixtisaslardan biri də “Dizayn” ixtisasıdır. Bakalavriat pilləsinin dizayn ixtisası Humanitar, Təhsil və Sosial elmlər fakültəsinin ən kiçik və ən gənc ixtisasıdır. İxtisas “Musiqi və İncəsənət” departamentinin nəzdindədir. Belə ki, ixtisas 2015-ci il Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar şurasının sədri, professor Hamlet İsaxanlının təşəbbüsü ilə ilk əvvəl “Mühəndislik və Tətbiqi elmlər” (indiki “Təbiət elmləri və Mühəndislik” fakültəsi) fakültəsində, 2016-cı ildən etibarən isə “Humanitar, Təhsil və Sosial elmlər” fakültəsinin nəzdində fəaliyyətini davam etməkdədir.
2006-cı ildən 2019-cu tədris ilinə qədər iki ayrı fakültə kimi fəaliyyət göstərən “Humanitar və Sosial Elmlər” ilə “Təhsil” fakültələri, “Təhsil” fakültəsi nəzdindəki elm sahələrinin həddindən artıq genişlənməsi səbəbi ilə tədrisin daha keyfiyyətli və elm sahələrinə uyğun təşkil olunması baxımından həm bakalavr həm də magistratura və doktorantura səviyyələri üzrə yenidən formalaşdırılaraq birləşdirildi. Bu birləşmə nəticəsində “Təhsil” fakültəsi nəzdində fəaliyyət göstərən təbiət elmlərinə aid ixtisaslarda tədrisin təşkili universitetin “Təbiət Elmləri və Mühəndislik” fakültəsinə verildi. Humanitar, təhsil və sosial elmlər üzrə ixtisaslar isə “Humanitar, Təhsil və Sosial Elmlər” fakültəsi adı altında birləşdirildi.
Xəzər Universitetində aparılan daima mükəmməllik əldə etmə və təkmilləşmə strategiyası çərçivəsində 2019-cu ilin fevralında aparılan yenidən strukturlaşdırma prosesində fakültə nəzdindəki “Siyasi elmlər və beynəlxalq münasibətlər” departamenti ilə “Fəlsəfə və Sosiologiya” departamenti birləşdirilərək “Siyasi elmlər və Fəlsəfə” departamenti adlandırıldı.