Azərbaycan Arxeologiyası Jurnalı Haqqında
Azərbaycan Arxeologiyası jurnalı Tarix və Arxeologiya departamentinin daxilində 1999-cu ildən fəaliyyətini davam etdirir. İldə iki sayı olaraq çıxarılan jurnal, Azərbaycanın yer altındakı tarixi zənginliklərinin öyrənilməsində uzun illərdir önəmli rol oynayır. Arxeologiya sahəsində Azərbaycanda yetişmiş dəyərli tədqiqatçıların çalışmalarından əlavə, həmçinin müxtəlif ölkələrdən araşdırmaçıların müxtəlif arxeologiya mövzularındakı məqalələri də jurnalda çap olunur.
Xüsusi ilə Azərbaycan arxeologiyasına yönlənmiş jurnal daşıdığı bu xüsusiyyət baxımından uzun illərdir Azərbaycanda yeganədir. Jurnalın təsisçisi, Xəzər Univeritetinin qurucusu olan Prof. Hamlet İsaxanlıdır. Jurnalın baş redaktoru isə Prof. Qüdrət İsmayılovdur. Redaktor köməkçiləri Dos. Roza Arazova, Dos. Tarix Dostiyev və Dos. Bəhlul İbrahimlidir. Jurnalın redaksiya heyətində fərqli ölkələrdən, o cümlədən Rusiya, Gürcüstan, Türkiyə, Qazaxıstan, Almaniya, Fransa və Yaponiyadan olan mütəxəssilər yer almaqdadır. Azərbaycan dilindən əlavə türk, rus və ingilis dillərində də məqalələr jurnalda dərc olunur.
Azərbaycan Arxeologiyası jurnalı nəzəri və elmi-tədqiqat yönümlü məqalələrdən başqa görkəmli arxeoloqların həyat və yaradıcılığı haqqında qələmə alınmış məqalələrə və böyük arxeoloji kəşflərə də geniş yer verir. Jurnalın özünə məxsus internet saytı da mövcutdur. Saytda jurnalın qaydaları haqqında tədqiqatçılara məlumat verilmişdir.