Baytarlıq Təbabəti

Xəzər Universitetinin yeni yaradılmış Baytarlıq Təbabəti ixtisası üzrə bakalavr proqramı heyvan həyatı və sağlamlığının bütün aspektləri üzrə təhsil təklif edir. Bu, bizə həm təsərrüfat, həm də ev heyvanları sahəsində ixtisaslaşmağa imkan verir.

İri və xırdabuynuzlu heyvanların, donuzların, atların, quşların, itlərin və pişiklərin klinik müayinəsi, müalicəsi və profilaktik tədbirlərin aparılması ixtisaslı mütəxəssislər tərəfindən həyata keçirilir. Heyvan xəstəliklərinin tədqiqi, o cümlədən onun mənşəyi və ötürülmə yollarının öyrənilməsi, insanın zoonoz xəstəliklərinin daha yaxşı başa düşülməsi və qarşısının alınması üçün vacibdir.

Bu mütəxəssislər heyvanların rifahına diqqət yetirməklə həm də təhlükəsiz qida istehsalı üçün zəmin yaradırlar. Bizim əsas missiyamız heyvandarlıq, heyvanların sağlamlığı və rifahı, qida təhlükəsizliyi və keyfiyyəti sahəsində təcrübəli mütəxəssislər hazırlamaqdır.

İxtisas üzrə təklif edilən təhsil proqramı beynəlxalq universitetlərin proqramlarına uyğundur. Təlim prosesi nəzəri bilik və təcrübədən ibarətdir.

Bu, həm də gələcək məzunların karyera planlaması baxımından imkanlarını genişləndirir.